نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
İlahİ övlİyalara təvəssül etməK şİrKə səbəb olurmu və bİd`ət sayIlIrmI? sonnat.net


İlahİ övlİyalara təvəssül etməK şİrKə səbəb olurmu və bİd`ət sayIlIrmI?

İlahİ övlİyalara təvəssül etməK şİrKə səbəb olurmu və bİd`ət sayIlIrmI?

Cavab: Təvəssül – insanın yüksək ilahi məqama çatmaq üçün özü ilə Allah arasında vasitə qərar verdiyi dəyərli bir varlıqdır. İbni Mənzur “Lisanul-ərəb” adlı lüğət kitabında deyir:


تَوَسَّلَ اِلَيْهِ بِكَذَا تَقَرَّبَ اِلَيْهِ بِحُرْمَةِ آصِرَةٍ تَعْطِفُهُ عَلَيْهِ


“Filan varlıqla ona təvəssül etdi” – yə`ni onun nəzərini cəlb edən məqam və ehtiram vasitəsilə ona yaxınlaşdı”.[1]


Qur`ani-Kərim buyurur:


يَا اَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَوَابْتَغُواْ اِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ


“Ey iman gətirənlər, Allah qarşısında təqvalı (pərhizkar) olun və Onun dərgahına doğru vasitə hazırlayın. Allah yolunda cihad edin, bəlkə nicat tapasınız.”[2]


Böyük lüğət alimi olan Covhəri “Sihahul-lüğət” kitabında “vəsilə” sözünü tə`rifini belə demişdir:


اَلْوَسِيلَةُ ما يُتَقَرَّبُ بِهِ اِلَي الْغَيْرِ


“Vəsilə odur ki, onunla başqa bir kəsə yaxınlaşılsın.”


Deməli, onun vasitəsilə təvəssül etdiyimiz dəyərli varlıq bə`zən dəyərli və saleh əməllər, Allaha xalis pərəstişdir (ki, güclü bir vasitə kimi insanı Allah dərgahına yaxınlaşdırır), bə`zən də Allah yanında böyük məqam və ehtirama layiq görülən bir insandan ibarətdir.


TƏVƏSSÜLÜN NÖVLƏRİ

Təvəssülü üç qismə bölmək olar:


1-Yaxşı əməllərə təvəssül etmək: Cəlaləddin Süyuti “vəbtəğu iləyhil-vəsilətə” ayəsinin təfsirində belə bir rəvayət nəql edir:


عَنْ قُتَادَةَ فِي قَوْلِهِ تَعَالَي ºوَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَةَ  قَالَK تَقَرَّبُوا اِلَي اللّهِ بِطَاعَتِهِ وَ الْعَمَلِ بِمَا يُرْضِيهِ


“Qütadə “vəbtəğu iləyhil-vəsilətə” ayəsi barəsində deyir: Yə`ni Allaha itaət etməklə, Onun razılığına səbəb olan əməllər vasitəsilə Allah dərgahına yaxınlaşın.”[3]


2-Layiqli bəndələrin dualarına təvəssül etmək. Belə ki, Qur`ani-Kərim Yusifin qardaşlarının dilindən belə hekayət edir:


قَالُوا يَا اَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا اِنَّا كُنَّا خَاطِئِينَ قَالَ سَاَسْتَغْفِرُ لَكُمْ رَبِّي اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ


“(Yə`qubun övladları öz atalarına) dedilər: Ey ata, böyük Allahdan bizim günahlarımızın bağışlanmasını istə, çünki biz səhvə yol vermişik. Yə`qub dedi: Tezliklə öz Pərvərdigarımdan sizin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən O, çox mehriban və bağışlayandır.”[4]


Bu ayədən mə`lum olur ki, Yə`qubun övladları atasının dua etməsinə və istiğfar istəməsinə təvəssül etdilər, onu öz günahlarının bağışlanması üçün bir vasitə seçdilər. Həzrət Yə`qub da nəinki onların təvəssülünə e`tiraz etmədi, əksinə onlara istiğfar və`dəsi də verdi.


3-Allah yanında böyük məqama, xüsusi hörmət və ehtirama layiq görülən mə`nəvi şəxsiyyətlərə təvəssül edərək Allah dərgahına yaxınlaşmaq.


Bu növ təvəssül də islamın əvvəllərində Peyğəmbər (s.ə.v.v) səhabələri tərəfindən qəbul olunub.


İndi Peyğəmbər (s.ə.v.v) səhabələrinin, eləcə də islam aləminin böyük şəxsiyyətlərinin rəftar və hədisləri sayəsində bu məsələnin dəlillərini xatırladırıq:


1-Əhməd ibni Hənbəl özünün “Müsnəd” kitabında Osman ibni Hüneyfdən belə rəvayət edir:


اِنَّ رَجٌلاً ضَرِيرَ الْبَصَرِ اَتَي النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ فَقَالَK اُدْعُ اللّهَ اَنْ يُعَافِيَنِي قَالَ اِنْ شِئْتَ دَعَوْتُ لَكَ وَ اِنْ شِئْتَ اَخَّرْتُ ذَاكَ فَهُوَ خَيْرٌ فَقَالَ اُدْعُهُ فَاَمَرَهُ اَنْ يَتَوَضَّاَ فَيُحْسِنَ وُضُوئَهُ فَيُصَلِّيَ رَكْعَتَيْنِ وَ يَدْعُوَ بِهذَا الدُّعَاءِK اَللَّهُمَّ اِنِّي اَسْاَلُكَ وَ اَتَوَجَّهُ اِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ يَا مُحَمَّدُ اِنِّي تَوَجَّهْتُ بِكَ اِلَي رَبِّي فِي حَاجَتِي هذِهِ فَتَقْضِيَ لِيَ اللّهُمَّ شَفِّعْهُ فِيَّ


“Kor bir kişi Peyğəmbər (s.ə.v.v)-in hüzuruna gəlib dedi: “Allahdan istə, mənim gözlərimə şəfa versin.” Peyğəmbər (s.ə.v.v) buyurdu: “İstəsən dua edərəm, istəsən də duanı tə`xirə salaram və bu, daha yaxşıdır.” Kor kişi ərz etdi: “Dua edin.” Peyğəmbər (s.ə.v.v) ona göstəriş verdi ki, dəstəmaz alsın və dəstəmaz alarkən diqqətli olsun, sonra iki rək`ət namaz qılıb belə dua etsin: “Pərvərdigara, mən Səndən istəyir və sənin rəhmət Peyğəmbərin olan Muhəmmədin vasitəsilə Sənə üz gətirirəm. Ey Muhəmməd, mən öz hacətim barəsində sənin vasitənlə Pərvərdigarıma təvəssül edirəm ki, hacətimi yerinə yetirəsən. Pərvərdigara, onu mənim şəfaətçim qərar ver!”[5]


Bu hədisin düzgünlüyü bütün mühəddislər tərəfindən qəbul olunmuşdur, belə ki, Hakim Nişapuri “Müstədrək” kitabında hədisi nəql etdikdən sonra onu “səhih” ünvanı ilə vəsf edir. İbni Macə də onu Əbu İshaqdan nəql edərək deyir: “Bu, səhih rəvayətdir.” Tirmizi “Əbvabul-əd`iyyə” kitabında bu rəvayətin səhih olduğunu tə`kid edir. Məhəmməd Nəsib Rəfai də “Ət-təvəssülü ila həqiqətit-təvəssül” kitabında deyir:


لَا شَكَّ اَنَّ هذَا الْحَدِيثَ صَحِيحٌ وَ مَشْهُورٌ وَ قَدْ ثَبَتَ فِيهِ بِلَا شَكٍّ وَ لَا رَيْبٍ


اِرْتِدَادُ بَصَرِ الآَعْمَي بِدُعَاءِ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ لَهُ


“Şəkk yoxdur ki, bu hədis səhih və məşhurdur... Bu rəvayətdə sübut olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v)-in duası ilə o kor kişinin gözləri açılmışdır.”[6]


Bu rəvayətdən aydın olur ki, ehtiyacın tə`min olunması üçün Peyğəmbər (s.ə.v.v)-ə təvəssül etmək caizdir. Hətta Rəsuli Əkrəm (s.ə.v.v) o kor kişiyə əmr edir ki, yuxarıda qeyd olan şəkildə dua etsin, Peyğəmbər (s.ə.v.v)-i özü ilə Allah arasında vasitə qərar verməklə Allahdan istəsin. Elə bu da Allah dərgahında əziz olanlara və ilahi övliyalara təvəssül etməyin mə`nasıdır.


2-Əbu Əbdullah Buxari özünün “Səhih” kitabında yazır:


اِنَّ عُمَرَ ابْنَ الْخَطَّابِ رَضِيَ اللّهُ عَنْهُ كَانَ اِذَا قَحَطُوا اِسْتَسْقَي بِالْعَبَّاسِ ابْنِ عَبْدِ الْمُطَّلِبِ فَقَالَK اَللَّهُمَّ اِنَّا كُنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِنَبِيِّنَا فَتَسْقِيَنَا وَ اِنَّا نَتَوَسَّلُ اِلَيْكَ بِعَمِّ نَبِيِّنَا فَاسْقِنَا قَالَ فَيُسْقَوْنَ


“Hər vaxt qəhətlik baş versəydi Ömər ibni Xəttab Abbas ibni Əbdül-Müttəlibin vasitəsilə, onu vasitə qərar verərək Allahdan yağış istəyir və deyirdi: “Pərvərdigara! Peyğəmbər (s.ə.v.v)-in sağlığında ona təvəssül edirdik və Sən rəhmət yağışını bizə nazil edirdin. İndi Peyğəmbər (s.ə.v.v)-in əmisi ilə Sənin dərgahına təvəssül edirik ki, bizi sirab edəsən.” Və bu duadan sonra (yağış yağır və) sirab olurdular.”[7]


3-Allah övliyalarına təvəssül etmək o qədər adi işlərdəndir ki, islamın əvvəllərindəki müsəlmanlar da öz şe`rlərində Peyğəmbər (s.ə.v.v)-i özləri ilə Allah arasında bir vasitə qərar verirdilər. Səvad ibni Qarib Peyğəmbəri Əkrəm (s.ə.v.v) üçün bir qəsidə oxudu. Onun bə`zi beytləri belədir:


وَ اَشْهَدُ اَنْ لَا رَبَّ غَيْرُهُ وَ اَنَّكَ مَاْمُونٌ عَلَي كُلِّ غَالِبٍ وَ اَنَّكَ اَدْنَي الْمُرْسَلِينَ وَسِيلَةً اِلَي اللّهِ يَابْنَ الآَكْرَمِينَ الآَطَائِبِ


“Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə`bud yoxdur, sən hər bir məxfi və örtülü olan şeyə əmanətdarsan. Və şəhadət verirəm ki, sən, ey pakların və əzizlərin övladı, başqa peyğəmbərlərin arasında Allah dərgahına ən yaxın olan bir vasitəsən.”[8]


Peyğəmbər (s.ə.v.v) bu şe`ri Səvad ibni Qaribdən eşitdi, amma onun belə sözlər deməsinin qarşısını əsla almadı, onu şirk və bid`ətlə müttəhim etmədi.


İmam Şafeyi də özünün aşağıda qeyd olunan iki beytində bu həqiqətə işarə edir:


آلُ النَّبِيُّ ذَرِيعَتِي هُمْ اِلَيْهِ وَسِيلَتيِ


اَرْجُو بِهِمْ اَعْطَي غَدًا بِيَدِي الْيَمِينِ صَحِيفَتِي


“Peyğəmbərin xanədanı mənim Allah dərgahına olan vəsiləmdir.


Ümidvaram ki, onların xatirinə əməl dəftərim mənim sağ əlimə verilə.”[9]


İlahi övliyalara təvəssül etməyin caizliyi ilə əlaqədar gəlib çatan rəvayətlərin çoxluğu ilə belə, yuxarıda qeyd olunan rəvayətlər sayəsində təvəssül məsələsi sünnə, səhabələrin yolu və böyük islam alimlərinin nəzərindən bəyənilən bir iş olması aydın olur.


Bununla da Allah dərgahında əziz olan şəxslərə təvəssül etməyi şirk və bid`ət hesab edənlərin sözünün əsassız olduğu sübuta yetir.


 


 


--------------------------------------------------------------------------------


[1] “Lisanul-Ərəb”, 11-ci cild, səh.724


[2] “Maidə” surəsi, ayə:34


[3] “Durrul-Mənsur”, 2-ci cild, səh.280, Beyrut çapı


[4] “Yusif” surəsi, ayə:7-8


[5] “Müsnədi Əhməd”, 4-cü cild, səh.138, Osman ibni Hüneyfin rəvayətinin bir qismini “Müstədrək” (Hakim) 1-ci cild, səh.313-də qeyd etmişdiræ “Sünəni ibni Macə”, 1-ci cild, səh.441, “Əttac”, 1-ci cild, səh.286, “Əl-camius-səğir” (Süyuti), səh.59, “Ət-təvəssülü vəl-vəsilətu” (ibni Teymiyyə), səh.98


[6] “Ət-təvəssülü ila həqiqətit-təvəssül”, səh.158, Beyrut çapı


[7] “Səhihi Buxari”, 2-ci cüz, kitabul-cüm`ə, babul-istisqa, səh.27, Misir çapı


[8] “Əd-durərus-səniyyə” (Seyyid Əhməd ibni Zeyni Dehlan), səh.29, Təbəranidən nəqlən.


[9] “Əs-səvaiqul-muhriqə” (ibni Həcər Əsqəlani), səh.178, Qahirə çapı

 


Ad
E-mail
*Mətn
Göndər