نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
dindar” yoxsa dindar? sonnat.net


dindar” yoxsa dindar?

dindar” yoxsa dindar?


Məqalənin başlığı çoxlarında gülümsəmə, bir çoxunda maraq, bir çoxunda da ürək ağrısı yaradacaq, bilirəm.

İllər əvvəl eşitdiyim bu söz məni də güldürmüşdü. Onda başa düşməmişdim ki, dindarın da "kitayskisi" ola bilərmi?!

Zaman ötdükcə, dinlə maraqlanmağa başladıqca və cəmiyyətdə daha çox olduqca bu sözün niyə işlədildiyini başa düşməyə başladım. Hər o sözü isbat edən bir hərəkət görəndə ürəyim sızıldayırdı.

“Bu yazını yazımmı, yazmayımmı?” deyə də çox düşündüm, çünki bunları ifadə etmək mənim üçün asan deyil. Amma yazmalıyam. Dinimizdəki bəlalar elə susmaqdan gəlmədimi başımıza?! Bizim ən böyük çatışmamazlıqlarımızdan biri də dinləməyi bacarmamağımız, dini öz istəklərimiz çərçivəsində yaşamağımız və bunu irad tutanlara da “sənə nə?” kimi bir münasibət göstərməyimizdir.

Bəs yaxşı, onda biz necə səhvlərimizi düzəldəcəyik?

Biz hərəmiz başqa bir şəkildə dini yaşayıb, hansı birlikdən, hansı vəhdətdən danışırıq? Kimisə dinləyəndə də kənara çəkilən kimi “Buna, bax! Özündəki səhvləri görmür, amma mənə ağıl verir”- deyirik. Maraqlısı da odur ki, bununla yanaşı “mömin möminin güzgüsüdür” deyən də bizlərik.

Budurmu din?

Ən pisi isə cahillər elə bilirlər ki, doğrudan da din budur. Ona görə də bəzi valideynlər övladlarını “din təhlükəsi”ndən qorumağa çalışırlar. Uşaqları dindar dostlarla yoldaşlıq edəndə onları evə dustaq edirlər. Bəli, indi cürbəcür təhlükəli təriqətlər, cərəyanlar var və sayları da dayanmadan artır, onların əsas hədəfləri də gənclərdir. Valideyn əlbəttə övladını qorumalıdır. Amma baxır kimdən və nədən qorumaq. Valideynin tək işi övladını qorumaq deyil, həm də düzgün tərbiyə etməkdir.

Bəs ən gözəl tərbiyənin nə olduğunu bilirmi bu valideyn? Ən düzgün tərbiyə etalonunun, kamil mədəniyyət külliyatının İslamda olduğunu bilirmi?

Mən mədəniyyəti Quranda gördüm. Quranda yerişdən tutmuş danışıq tərzinə qədər, qapı döyməkdən tutmuş salam vermək mədəniyyətinə qədər hər şey var. Əlbəttə ki, Allahın tərbiyə etdiyindən daha gözəl kim tərbiyə edə bilər?! Demək İslamdan və İslamı yaşayanlardan qorxmaq lazım deyil, onu yalnış yaşayıb və yalnış tanıdanlara qarşı tədbirli olmaq lazımdır.

Bəs İslamı yalnış yaşamaq nə deməkdir?

Problemlər də elə burdan başlayır.

Bu haqda yaz-yaz qurtarmaz, amma ümumi bir nəticə çıxarmaq üçün müsəlmanlara nəzər salaq. Allahın buyurduğu müsəlman siması müxtəlif deyil, amma cəmiyyətdəki müsəlmanlar əməllərinə görə müxtəlif-müxtəlif kateqoriyalara bölünürlər:

1. Sayları çox az olan bu insanlar Allahını sevən və bu sevgini hər şeydə biruzə verənlərdir.

Onların hər hərəkəti Allahın razılığından xəbər verər. Heç bir işdə nə öz nəfslərini, nə də kiminsə razılığını güdməzlər. Ona görə də kiməsə yaxşılıq edəndə və əvəzində nankorluq görəndə etdikləri yaxşılığa peşman olmazlar.Yaxşı insan olmaq üçün kimlərinsə razılığı lazım deyildir onlara. Bu insanlar dar günlərdə səbirdən bezməz, şükürdən doymazlar. Hər an savab əməllərin pusqusundadırlar sanki. Savab qazanmaq üçün hansısa zaman, hansısa məkan, hansısa böyük bir əməl vacib deyildir. Hər an, hər yer, bir çoxlarının kiçik gördüyü əməllər hamısı onlara savab qazanmaq üçün bir fürsətdir. Günahı görən kimi tövbə edər və o günaha bir də qayıtmazlar. Daim din uğrunda mübarizə aparar və geri çəkilməzlər. Bütün bunları böyük şövqlə yerinə yetirər, heç birində ümidsizliyə düşüb çətinliklərdən yorulmazlar. Güclü nəfsə qarşı zəif mübarizə aparmazlar. Günahı böyük-kiçik deyə ayırmaz, özlərinə bəraət qazandırmağa cəhd etməz, ən kiçik günaha düşməkdən belə qorxarlar. Çünki böyük günahların elə kiçiklərin düzəldilməməsindən yarandığını bilərlər. Çünki belə bir insanı Allah tərbiyə etmişdir, çünki onun hər hərəkəti Quran ayəsidir.

Görəsən, insanlar niyə bu qədər dəyərli olmaq əvəzinə özlərini dəyərsizləşdirərlər? Allahın verdiyi nemətləri Allahdan üstün tutmaq necə də nankor bir hərəkətdir..

“Allaha bəndəyəm”- deyib, şeytana bəndə olan nəfsdən Allaha sığınıram.


2. Bu insanlar həm xoşbəxt, həm də bədbəxtdirlər.

Ona görə xoşbəxtdirlər ki, onlar da səhvlərini görə bilmək kimi böyük bir nemətin sahibidirlər və ona görə bədbəxtdirlər ki, bu səhvləri gördükləri halda onların çoxunu düzəldə bilməzlər. Özlərini qınayarlar səhvləri zamanı, amma nəfsləri çox güclü olduğundan özlərinə haqq qazandırıb o səhvi düzəltmək üçün mübarizə aparmazlar. Mübarizə aparsalar da tez yorularlar. Dinləri uğrunda çox şey etmək istəyərlər bu insanlar, amma elə çox zaman da azla kifayətlənərlər. Buna da bəhanələri həmişəki kimi hazırdır.”Çox istəyirəm, amma necə edim? Filan-filan çətinliklərim var...”deyib qələbəyə mane olan böyük düşmənin “bəhanə” olduğunu unudarlar. İnsan zahiri də, batini də xeyirli bir şeyi istəyib də ona nail ola bilmirsə, ya onu layiqincə istəmir, ya da ona nail olmaq üçün kifayət qədər çalışmır deməkdir. Nəfslərinə bəhanə donunu geyindirməklə o, üstün əxlaqlı biri olmaq əvəzinə yüz adi insandan biri olmağı seçərlər. Ən çox namaz, oruc və bu kimi ibadətlərin yerinə yetirilməsinə fikir verərlər. Əsasən dində öz canları, malları atrafındakılar üçün təhlükəsiz olanları seçərlər. Fədakarlıqdan çəkinərlər. Halbuki, Allah rizası üçün olunan kiçik bir əməli səmimiyyətlə böyük bir ibadətə çevirmək mümkündür. Ona görə əsas əməllərin səmimiliyinə diqqət etmək lazımdır.

Bəli, namaz çox böyük bir ibadətdir. Namaza hər kəs vaxtında getməlidir. Namaz bir məclis kimidir, bütün ən gözəl nemətlərin paylandığı bir məclis. Məclis başlayan anda kim ordadırsa və kim o məclisdə layiqli çıxış edirsə ən gözəl nemətlər onundur. Bəzi insanlar var namaza tələsməyənlər, onlar da məclisin sonunda artıq-urtuqlara gəlib çatanlardır sanki. Ona görə namazın dəyərini vaxtında və layiqli bir şəkildə vermək lazımdır.

Bir yazı oxumuşdum. Orda insanlar çox vaxt muti halında namaz qıla bilmədiklərindən şikayətlənirdilər, “onda bu namazlar qəbul olunmur?”- deyə narahatlıqlarını bildirirdilər. Cavabda isə yazılmışdı ki, əlbəttə, ən gözəl namaz vaxtında qılınandır, amma namazın doğrusu insanı səhvlərdən çəkindirəndir. Demək, bizim əməllər namazı tamamlamalıdır, əgər tamamlamadısa o zaman qılınan namazların bir faydası yoxdur. Onsuzda bunu tam dərk edən insan tək namazla heç vaxt kifayətlənməz və əməllərinə daim nəzarət edər ki, əməlləri Allahın razılığı ilə olsun. Amma kifayətlənənlər bilməlidirlər ki, Quranda da deyildiyi kimi, ibadət yalnız qibləyə yönəlmək demək deyil.

Bəs ibadət nədir? İbadət Allahın sevdiklərini sevmək, sevmədiklərini isə sevməməkdir. İbadətin ən böyüyü nəfsi dünya nemətlərinə qarşı tərbiyə etməkdir. Allah o gündən qorusun ki, bu insanlar Allahın verdiyi nemətləri dəyərləndirə bilməyib Onun uca mərhəmətindən kənar düşələr. Bir insan Allahın ona əta etdiyi öz dünya malından, pulundan Allah rizası üçün keçə bilmirsə, o pulu gözündə böyüdüb nəfsinin rizası üçün istifadə edirsə, o insan hansı Allah sevgisindən danışa bilər? Allahın verdiyi nemətlərlə Allaha rüşvət verilməz, Allahın heç nəyə ehtiyacı olmadığını bu insanlar hələ də başa düşə bilməyiblərmi, İlahi?!

Allah rizası üçün yetimə bir gülümsəməyin, o bir təbəssümün istəksiz verilən o sədəqələrdən daha qiymətli olduğunu niyə başa düşməzlər görəsən? Allahın verdiyi gözəlliyi Allah rizası üçün yad baxışlardan qorumaq niyə çoxlarında tərəddüdə səbəb olar? Ona görə də Allah Quranda bizlərə xəbər verir ki, Allahın əmrləri yalnız möminlərə asan gələr.

Ya Rəbb, indi daha yaxşı başa düşürəm ki, Səni sevə biləcək ürək hər insanda yoxmuş. Sənin sevgini o ürəyə yerləşdirə bilmək o qədər də asan deyilmiş. Dildə “sevirəm” deyib Sənə tərəf yox, dünya nemətlərinə tərəf qaçmaq Sənə olunan ən böyük xəyanət imiş.

Bəzən belə danışanda mənə irad tuturlar ki, insanları dindən qorxutmaq olmaz. Elə dəvət et ki, əməllərdən qorxmasınlar.

Bir dəfə dedim ki, izah edin o necə olur? Belə bir cavab məni dəhşətə gətirmişdi:” Yavaş-yavaş namaza başla, əsas namazdı, sonra zamanla istəsən başını bağlayarsan, amma elə et ki heç bir fərqi olmasın başıaçıqlardan. Elə qəşəng bağlayanlar var ki, iki göz istəyir baxmağa. O üç dənə yağlı tükü camaata göstərməkdənsə, şalnan topuz elə, olacaqsan dünya gözəli. Həm də indi oğlanlar da dindar qızlarla ailə qurmağa üstünlük verirlər. Köynəyin də bircə damcı uzun oldusa bəsindi. Niyyətin təmiz olsun, indiki zamanədə bunu eləsən böyük şeydi”.

Əgər insan Allah sevgisindən, Allah qorxusundan dərk edərək iman etmirsə onların sayının artması dinə xeyir deyil, əksinə böyük bir zərərdir. O cür ibadətlərə görə çox cəmiyyətlərdə bu gün dinin yalnız adı var, amma özü yoxdur. On nəfər həqiqi iman edən, min o cahil insandan daha üstündür. Ona görə həqiqi dini yaşamaq istəyən dinə gəlsin. Günü-gündən artan “dindar”lar həqiqi iman əhlinin yolundakı ən böyük maneələrdən biri olduqlarını görsəydilər, “özümüz dini yaşaya bilmirik, heç olmasa yaşayanlara mane olmayaq “-deyib ya “dindar” olmaqdan əl çəkər, ya da həqiqi dindar olmaq üçün çalışardılar.

Faydasız ibadətdən Allaha sığınıram.


3. Bu qism insanlar isə “müsəlman” cahillərdir. Onların da bəziləri hətta namaz qılarlar, amma niyə qıldıqlarını belə bilməzlər. Onlardan namaz nədir? deyə soruşsanız cavabları bu şəkildədir : “Namaz qılıram ki, günahlarımı yuyum”, “hmm..”, “Necə yəni namaz nədir? ən böyük ibadət” və cahillər arasındakı alimin cavabı “Namazla Allaha sevgimi göstərirəm, namaz Allaha ən yaxın olduğum andır”. Amma bu insanlar namaz və bir-iki ibadətdən başqa hamısını ifratçılıq sayarlar. İfratçılıq saymayanlar isə o ibadətləri cürbəcür bəhanələrlə boyunlarından atarlar. Bu haqda heç düşünməzlər belə. Sual versəniz öz-özlüyündə haqlıdırlar, amma onlar yalnız özlərini və özləri kimilərini aldadırlar. Onlar üçün ibadət namazın vaxtlarında başlayır və namaz bitəndə bitir. İldə bir ay orucluq zamanı da onlar üçün ibadətdir. Hərdən də kiməsə bir maddi cəhətdən yardım etmək. Bu insanlar cahil olduqlarını belə bilməzlər.

Bu necə Allah sevgisidir ki, onu məhdudlaşdıra bilirlər?! İnsan bir insana sevdiyini göstərmək üçün hər şeyi edə bilir. Bəs bu Allah olanda necə bir-iki əməllə məhdudlaşır? Bu nə cür bir sevgidir? Təqvasız əməl, əməlsiz təqvanın yoxluqdan bir fərqi yoxdur.

İkinci yazdıqlarımdan bu insanların ən böyük fərqi budur : onlar bildikləri halda etməzlər, bu insanlar isə din haqqında ümumiyyətlə maraqlanmazlar. Yalnız namaz qılmaq və ildə bir ay oruc tutmaq dindar olmaq üçün, Allahın rizasını qazanmaq üçün kifayətdir onlara. Nəsə etmək istəyərlər, amma cahillikdən etdiklərinin nə olduğunu belə bilməzlər.

Allahı tanımadan Ona iman etməkdən Allaha sığınıram.


4. Bu müsəlman kateqoriyasındakılar yalnız görünüşdə müsəlmandırlar. Həqiqi iman edənlərin gözəl əxlaqına insanlardakı heyranlığı və xüsusi hörməti görüb onların sahib olduğu əxlaqa yiyələnmək əvəzinə onlar kimi görünməyi seçərlər. Misal üçün, baxarlar ki, filan din xdimi və ya nüfuzlu dindar necə də hörmətə, izzətə, məqama sahibdir, camaat ona vurğundur, onun sözü ilə oturub-duranlar var. “Elə isə mən də onun kimi olsam, ona yaxın olsam mən də həmin keyfiyyətlərə shib olaram, məqamım yüksələr” və s. deyərlər. İmandan danışarlar, amma iş əmələ gələndə onları tapmaq samanlıqda iynə tapmaqdan da daha çətindir. Yəni onlarda ibadətin nə adı, nə də özü vardır. Bu insanların digər 2-ci və 3-cü yazdıqlarımdan fərqi ibadəti həyatlarında uğur qazanmaq üçün bir vasitə seçməkləridir. Digər cəhətlərdə bir kəskin fərqləri yoxdur onların bir-birindən. Biri dini kitablar oxuyur, dərk edir, namaz qılır, amma dini öz nəfsi ucbatından məhdudlaşdırır və əməllərdən boyun qaçırır. Biri ümumiyyətlə cahillikdən, heç nə bilməməkdən dini məhdudlaşdırır. Digəri isə dünya nemətlərinə elə bağlanıb ki, Allahın əmirlərini də özünə dünyası üçün bir vasitə seçib.

Tərbiyə olunmayan nəfsdən Allaha sığınıram.

Dünya nemətlərinə görə Allahın buyurduqlarını təxirə salaraq bəhanələrlə özlərinə haqq qazandıranlar, Quranda belə bir ayənin olduğunu bilirlərmi görəsən? “Onlar fəda etmək istəyərlər var-dövlətini, övrətini, övladını, hər şeyini, təki Allahın əzabından canlarını qurtarsınlar”.

Faydasız peşmançılıqdan Allaha sığınıram.


Həyat gün çıxarkən başlar, gün batarkən bitər. Ömür o qədər də uzun deyildir əslində. Günəşin parlaqlığına aldanıb, gecənin qaranlığını unutmaq olmaz. Keçən illərinizi düşünün, hanı o illər? Demək, bundan sonra gələn illər də elə tez keçəcək. Bunları görüb görməməzliyə vurmaq bizi Allahın qəzəbindən qurtarmaz.


Bu deyimi çox bəyənirəm: “Qazanmaq çətindir. Çətindən qaçsan, nəticə adiləşər. Unutma, aşağı düşmək çox asandır, amma mənzərə zirvədən seyr edilər”.


Xədicə Hüseynzadə

 


Ad
E-mail
*Mətn
Göndər