نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Müaviyə ibn Əbu Süfyanın cinayətləri sonnat.net


Müaviyə ibn Əbu Süfyanın cinayətləri

İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin 44-cü məktubunun şərhində nəql edir ki, Həsən Bəsri demişdir: «Müaviyədə üç şey var idi ki, onlardan birini belə etmiş olsaydı, ona kifayət idi. Biri budur ki, nakəslərlə birlikdə bu ümmətə qarşı qiyam edib, hakimiyyəti zorla öz əlinə aldı. İkincisi, Ziyadı Peyğəmbərin(s) «Övlad yataqda olanındır, zinakarı isə daşqalaq etmək lazımdır» sözünün əksinə olaraq özünə birləşdirdi. Üçüncüsü, Hücr ibn Üdəyyi öldürdü. Vay olsun ona, Hücrü və onun tərəfdarlarını öldürdüyünə görə.


 


Məgər Müaviyə ibn Əbu Süfyanın cinayətləri bu üç məsələ ilə tamamlanırdımı? O, İmam Müctəba(ə) ilə sülh müqaviləsindən sonra islamın müxtəlif şəhərlərində elə bir qorxu və vəhşət yaratmışdır ki, tarixdəki bütün cinayətkarların üzünü ağartmışdır. Nümunə olaraq qeyd edirik: İbn Əbil Hədid 203-cü xütbənin şərhində Əbulhəsən Əli ibn Məhəmməd ibn Əbi Yusif Mədaininin «Əl-ehdas» kitabından nəql edərək yazır:


 


- Müaviyə İmam Müctəba(ə) ilə sülh müqaviləsi imzalandıqdan iki il sonra öz bütün işçilərinə belə bir xəbər göndərdi: Əbi Turab və onun Əhli-beytinin fəzilətlərini söyləyən hər bir kəsin amanda olması artıq boynumdan götürülmüşdür... (Bu çox müfəssəl bir tapşırıqdır və onun sonunda deyilir). Baxın, kimin Əli və onun Əhli-beytinin dostu olması dəlillərlə sübuta yetsə, onun adını divandan silsin, onun illik təyin olunmuş payını və bəxşişini kəsin... Bu qövmü sevməkdə şübhələndiyiniz hər bir kəsə işgəncə verib, evini viran edin.


 


Belə vəhşi tapşırıqlardan sonra bütün islam şəhərlərindəki, xüsusilə, Kufədəki Əhli-beyt dostlarının həyatı dözülməz oldu. Başda Hücr ibn Üdəyy və dostları, Əmr ibn Əl-Həməq   Xüzai və həmfikirləri, Abdulla ibn Yəhya və tərəfdarları, Rəşid Həcəri, Cəriyyə ibn Müsəhhər Əbdi, Ovfi ibn Hüsseyn və şiə fikir xəttinin yolunda canlarını belə əsirgəməyən başqaları, o cümlədən Abdulla ibn Haşim Mirqal, Üdəyy   ibn Hatəm Tai, Səmsəmə ibn Suhan Əbdi, Abdulla ibn Xəlifə Tai, Süleyman ibn Sürəd Xüzai, Abdulla ibn Cəfər Təyyar, Kumeyl ibn Ziyad Nəxəi, Həbib ibn Məzahir Əsədi, Müseyyib ibn Nəcbə Fəzzari, Abdulla ibn Abbas, Meysəm Təmmar və yüzlərlə digər pak müsəlmanlar bütün həyatları boyu Müaviyənin əlindən rahatlıq tapmadılar. Onların gözlərinə yuxu getmir və Müaviyənin, onun işçilərinin, casuslarının əlindən amanda deyildilər.


 


«Sülhül Həsən» kitabının müəllifi Əbulhəsən Mədainidən (225-ci h.q. ilində vəfat etmişdir) və Səlim ibn Qeysdən (70-ci h.q. ilində vəfat etmişdir) çox şirin bir müsahibəni nəql edir. O, rəvayət nəql etməmişdən qabaq yazır: «Səlim ibn Qeys Müaviyənin zamanında yaşamış və ondan on il sonra vəfat etmişdir. O, özü o keşməkeşli hadisələrin şahidlərindən biri olmuşdur. Göz şahidindən də yaxşı bir şahid varmı? Odur ki, bu barədə onun sözləri daha üstündür. Sanki Mədaininin sözləri də onun sözləri ilə üst-üstə düşür. Hər halda o, yazır:


 


Müaviyə öz xilafəti zamanında, yəni Əmirəlmöminini öldürdükdən və Həsənlə sülhdən sonra həccə getdi. Mədinə əhalisi, o cümlədən Ənsarın böyüklərindən olan Qeys ibn Səd onu qarşılamağa getdilər. Müaviyə ilə Qeys arasında bir çox söhbətlər oldu. Nəhayət, gəlib xilafət məsələsinə çatdılar. Qeys dedi: And içirəm ki, Əli və onun övladları olan yerdə heç bir Ənsar, Qüreyş, ərəb və əcəmdən olan şəxsin xilafətdə oturmağa haqqı yoxdur. Müaviyə qəzəbləndi və bütün işçilərinə bir sözlə yazdı: «Bilin! Əli və övladlarının fəziləti barədə hədis nəql edən şəxsdən aman götürüldü».


 


Həmin səfər zamanı Müaviyə Qüreyşdən olan bir dəstənin yanından keçirdi. Onu gördükdə Abdulla ibn Abbasdan başqa hamı ayağa qalxdı. Müaviyə dedi: Ey Abbasın oğlu! Sənin də dostların kimi ayağa qalxmadığına Siffeyn müharibəsinin kinindən başqa heç bir şey mane olmadı. Ey Abbasın oğlu, doğrudan da əmim oğlu Osman zülmlə öldürüldü. İbn Abbas dedi: Ömər ibn Xəttab da zülmlə öldürüldü. Onda hakimiyyəti onun varislərinə ver. Bu, onun oğludur (Abdulla ibn Ömərə işarə etdi). Müaviyə dedi: Öməri bir kafir öldürdü. İbn Abbas dedi: Bəs Osmanı kim öldürdü? Dedi: Müsəlmanlar. Dedi: Bu, sənin höccətini batil etmək üçün daha yaxşıdır. Əgər onu müsəlmanlar öldürmüşlərsə, deməli, yerində öldürmüşlər. Müaviyə sözü dəyişib dedi:


 


Biz bütün yerlərə yazmışıq ki, heç bir kəs Əli və övladlarının fəzilətlərini danışmasın. Dilini saxla, İbn Abbas! İbn Abbas dedi: Deməli, Quran oxumağı bizə yasaq edirsən? Dedi: Xeyr. Dedi: Onda bizi Quranın şərhindən saxlayırsan? Dedi: Bəli. Dedi: Onda Quranı oxuyub Allahın məqsədinin nə olduğunu soruşmayaq? Dedi: Bəli. Dedi: Quranı oxumaq daha vacibdir və ya ona əməl etmək?


 


Müaviyə dedi: Əməl etmək daha vacibdir. İbn Abbas dedi: Allahın məqsədini ayələrdən başa düşməmiş ona necə əməl edək?


 


Müaviyə dedi: Quranın mənasını elə bir adamdan soruş ki, sən və sənin ailənin üslubu və təfsiri olmasın.


 


Dedi: Quran mənim ailəmə nazil olmuşdur. Deyirsən ki, onun təfsirini Əbu Süfyan və Əbu Müit övladlarından soruşum?


 


Müaviyə dedi: Quranı oxuyun, amma Allahın sizin barənizdə nazil etdiyi və Rəsulullahın bu barədə dediyindən heç bir şey rəvayət etməyin. Başqa şeylər rəvayət edin. İbn Abbas dedi: Allah-Təala buyurur: «İstəyirlər ki, Allah nurunu ağızları ilə söndürsünlər və Allah qəbul etməz və kafirlər bəyənməsələr belə öz nurunu kamil edər». Müaviyə dedi: Ey Abbasın oğlu, canını mənim intiqamımdan qoru və dilini məndən döndər! Əgər çarəsiz qalıb bir şey deyəcəksənsə gizlində de və qoyma bir nəfər onu eşitsin.


 


Biz kitabın müqəddiməsində bir mətləb yazdıq ki, bəlkə də mübaliğə kimi nəzərə çarpırdı. İndi isə o iddiaya altı yüz səhifə dəlil gətirildikdən sonra ikinci xəlifənin sözlərini də Müaviyə ilə İbn Abbasın tarixi mübahisəsinin ardınca eşidin ki, Peyğəmbərin(s) vəfatından sonra birinci xəlifənin ilk sözü, Yezid ibn Müaviyənin sərxoş halda bəstələdikləri, hamı və hamısının bir fikir üzərində olması yaxşıca aydın olsun.


 


Müaviyə İbn Abbası hədələyib dedi: Quranı oxuyun, amma Allahın sizin barədə nazil etdiklərini və Rəsulullahın(s) bu barədə dediklərini rəvayət etməyin».


 


Əllamə Əskəri «İki məktəbin baxışları» kitabında Təbərinin «Tarix»indən nəql edərək yazır: «Ömər bir yerə rəhbər təyin edərkən özü onu müşayiət edir və tapşırıq əsnasında təkid edirdi ki, yalnız Qurandan istifadə edin, Məhəmməddən rəvayət etməyin. Mən sizi izləyirəm.»


 


Doktor Məhəmməd Ticani Tunisi «Zikr əhlindən soruşun» kitabında İbn Macə Qəzvininin «Sünən»indən nəql edərək yazır: «Qurzə ibn Kəəb deyirdi: Ömər ibn Xəttab bizi Kufəyə göndərdi. Getməzdən öncə bizi müşayiət edərək Sərrar adlı məntəqəyədək gəldi. Orada bizə dedi: Bilirsinizmi, nə üçün sizinlə gedirəm? Dedik: Yəqin ki, biz Ənsardan və Rəsulullah(s) səhabəsi olduğumuza görə.


 


Dedi: Xeyr. Sizinlə bir mətləb barəsində danışmaq istəyirəm. İstəyirəm ki, onu unutmayasınız. Ona görə də sizinlə buradək gəldim. Siz elə bir qövmün yanına göndərilirsiniz ki, onların sinələrində Quran qazanın içindəki suyun qaynadığı kimi qaynayır. Onlar sizi gördükləri zaman boyunlarını sizə tərəf uzadıb deyərlər: Məhəmmədin səhabələri gəlmişlər. Ayıq olun ki, Rəsulullahdan daha az rəvayət nəql edəsiniz və bilin ki, mən sizinləyəm, yəni əgər casuslarım başqa bir şeyi xəbər versələr, həyatınızı məhv edərəm. Ona görə də Qurzə ibn Kəəb o diyara daxil olduqda camaat ona dedilər: Rəsulullahdan danış, onun hədislərini bizə de. Qurzə dedi: Ömər yasaq etmişdir!»


 


Əllamə Əskəri «Ümmülmöminin Ayişənin hədisləri» kitabından nəql edərək yazır: «İslam Peyğəmbərinin(s) həyat yoldaşı Ümmi Sələmə Müaviyəyə yazdı: Siz bu işinizlə (Əliyə(ə) lənət və nalayiq sözlər deməklə) Allah və onun Peyğəmbərini(s) minbərlərinizdə lənətləyir və nalayiq sözlər deyirsiniz! Çünki siz Əli ibn Əbi Talıbı(ə) və onu sevənləri lənətləyir və nalayiq sözlər deyirsiniz. Mən Allahı şahid tuturam ki, Allah və onun Peyğəmbəri(s) Əlini(ə) sevirlər.


 


Müaviyə Ümmi Sələmənin bu məktubuna fikir vermədi.


 


İbn Əbil Hədid «Nəhcül-bəlağə»nin 58-ci xütbəsinin şərhində yazır: «Cahiz demişdir ki, Bəni Üməyyədən bir qrup Müaviyəyə müraciət edərək dedilər: Ya Əmirəlmöminin! Sən ki, arzularına çatmısan, nə olar ki, bu adama (Əliyə) lənət və nalayiq sözlər deməkdən əl çəkəsən?


 


Dedi: Xeyr, Allaha and olsun, uşaqlar bu inamla böyüyəcək, böyüklər qocalacaqlar və onun fəzilətindən danışmağa bir adam belə tapılmayanadək belə edəcəyəm».


 


Bu tarixi nümunələri deməkdə məqsədimiz budur ki, həqiqətən də «Müaviyə ibn Əbu Süfyanın islamın əsas sütunu ilə müharibə etmək sevdası var idi və o, kəlmeyi şəhadəti qəlblərdən silmək istəyirdi, - fikri heç də yalan deyilməmişdir. Amma o, çox ustalıqla hərəkət edir və nə etdiyini çox yaxşı bilirdi. O, çox gözəl bilirdi ki, əgər «Şiəlik düşüncəsi» xalqın beynindən silinsə və camaat vəhyin nazil olduğu evi tanımasa, onda vəhyin özünü gələcəkdə məhv edərək dəfn etmək olar.


 


Elə bu məqsədlə də sülh müqaviləsində boynuna götürdüyünə baxmayaraq, Həsən ibn Əlinin(ə) canına xəyanət etdi və Həzrəti(ə) zəhərlədikdən sonra bu qərara gəldi ki, oğlu Yezidin vəliəhdliyini təsbit etsin. O, yaxşı bilirdi ki, oğlu vəhy çırağını söndürmək və onun müdafiəçilərini aradan qaldırmaq yolunda ona varis və xələf ola bilər.


Ad
E-mail
*Mətn
Göndər