نام كاربري :
رمز عبور :
فراموشي رمز
عضويت
 
Ömər  (RSS)    Müaviyə  (RSS)    Əbu Bəkr  (RSS)    Osman  (RSS)    Sair  (RSS)    Səhabələr  (RSS)    Şübhələrə cavab  (RSS)   
Yezid ibn Müaviyənin vəliəhdliyi sonnat.net


Yezid ibn Müaviyənin vəliəhdliyi

İbn Əsəm Kufi «Əl-Fütuh»da yazır: «Müaviyənin 55-ci ilədək əməli şəkildə oğlu Yezidin vəliəhdliyi barədə bir iş görməməsinə baxmayaraq, ardıcıl olaraq çalışırdı ki, bu mühüm məsələni münasib bir vaxtda qaydasına qoysun. Odur ki, həmin il Kufə, Bəsrə, Misir, Mədinə və başqa islam şəhərlərinin böyüklərini Şama çağırdı ki, bu məsələ ilə bağlı onlarla məsləhətləşmə aparsın.


 


Tarix boyu hökumət başçıları o qədər belə məşvərət məclisləri təşkil etmişlər ki, bu iclasların iş qaydaları və yerinə yetirilməsinin necəliyi qabaqcadan məlum idi. Bu da bütün digərləri kimi idi, belə ki, çağırılanlar paytaxta toplandıqdan sonra Müaviyə Şamın darğası (bütün ölkə şəhərlərinin başçısı) Zöhhak ibn Qeysə buyurdu: Elə ki, iclas rəsmiləşdi, hər dəfə mən susanda məni söhbətə çəkib Yezidin vəliəhdliyi məsələsini ortaya at. O da cavab verdi: Eşidib itaət edirəm.


 


İclas rəsmiləşdi. Müaviyə öncə bir həmd-səna deyib Rəsulullaha(s) salam göndərdi.


 


يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ


 


ayəsinin mahiyyəti barədə bir neçə mərhəmətli söz buyurdu! Sonra Yezidin söhbətini araya gətirib, onun fəzilət, şücaət, elm, mərdlik və səxavətindən bir neçə kəlmə xatırlatdı.


 


Zöhhak gecikmədən qalxıb dedi: Ya Əmirəlmöminin! İndi ki, söhbət bizim hamımızın sərvətindən düşdü, icazə verin, bir kəlmə də mən deyim. Əgər qulaqlara qurğuşun, bir gün sizin üçün... rəiyyətə bir vali olması labüddür. Bu gün Yezid əsil-nəcabətdə, uzaqgörənlikdə, igidlikdə, səxavətdə, elm və şücaətdə hamıdan üstündür. Onu özünüzə vəliəhd edin və beləliklə də islahatçılar asudə, fəsad əhli isə narahat olsunlar. Məhəmməd ümmətinin boynuna bir minnət olsun ki, sizin sayənizdə rəhbərsiz qalmasınlar.


 


Ondan sonra Səd ibn As ayağa durub dedi: Ya Əmirəlmöminin! Yezid doğrudan da sənin üçün məmləkəti idarə etməkdə və hakimiyyət işlərini yoluna qoymaqda xələf olacaq bir övladdır. Müaviyə dedi: Afərin, doğru deyirsən.


 


Sonra Yezid ibn Müqnə Əl-Kindi qalxıb dedi: Ya Əmirəlmöminin! Bu ümmətin vəliəhdi (Yezidə işarə etdi) və əgər kimsə razı olmasa, budur (qılınca işarə etdi). Nəhayət, Husseyn ibn Nümeyr qalxıb dedi: Ya Əmirəlmöminin! Vallah, əgər sən Yezidi vəliəhd etməmiş dünyadan getsən, Məhəmməd ümmətini məhv etmiş olarsan!


 


Yazıq Məhəmməd(s) ümməti, onun gələcəyi ilə bağlı vəzifələr Müaviyənin yaşıl sarayında təntənəli şəkildə «Əhsən deyənlər tərəfindən məlum oldu və Yezid ibn Müaviyəyə beyətlə iclas öz işini başa vurdu. Ertəsi gün bütün ətrafa xəbər göndərildi ki, yerlərdə Yezidin vəliəhdliyi üçün camaatdan beyət alınsın. Tarixdə həmişə olduğu kimi Mədinədən başqa bütün şəhərlərdən təbriklər Şama tərəf axdı. Mədinənin valisi Mərvan ibn Həkəm idi. O, Şama məktub yazıb beyət olunmadığını bildirdi. Müaviyə Mərvanın məktubunu cavabsız qoyaraq qərara aldı ki, münasib bir vaxtda həcc ziyarəti məqsədilə gedib Mədinənin məsələsini də həll etsin.


 


Müaviyə yola düşməyi qərara almazdan qabaq Hüseyn ibn Əli(ə), Abdulla ibn Abbas, Abdulla ibn Zübeyr və Abdulla ibn Cəfərə məktub yazaraq onları Yezidə beyət etməyə dəvət etdi. O, İmam Hüseynə(ə) göndərdiyi məktubda yazmışdı:


 


- Səndən mənə əsla güman etmədiyim sözlər çatır. Mən səni belə bilməzdim. Vəfadarlığa hamıdan çox layiq olan o adamdır ki, mövqe, şərəf və məqamda sənin həddində olsun. Ayrılığa çalışma, Allahdan qorx, bu ümməti fitnəyə salma... Özünü, dinini və Məhəmməd ümmətini fikirləş. Ehtiyatlı ol ki, əqidə əhli olmayanlar səni qiyama təhrik etməsinlər!


 


«Sülhül Həsən» kitabının müəllifi Müaviyənin bu məktubunun cavabını İbn Qüteybə Deynurinin «Əl-İmamə və əl-Siyasə» kitabından nəql etmişdir. Eləcə də Seyid Möhsin Əmin Amili «Əyanul-şiə» kitabında azacıq fərqlə eynilə nəql edərək əlavə etmişdir: Kəşşi də «Ərrical» kitabında onu həmin formada qeyd etmişdir. Cavab budur:


 


- Sənin «Səndən mənə əsla güman etmədiyim sözlər çatır» məzmununda olan məktubun mənə çatdı. Əsla Allahın hidayəti və köməyi olmadan yaxşı işə yol tapmaq olmaz. Amma yazdığın məndən sənə xəbərlər çatmışdır sözünə gəldikdə şübhəsiz ki, onu sənə söz gəzdirənlər və qızışdırıcılar xəbər vermişlər. Bu dindən çıxmış azğınlar yalan deyirlər. Mən səninlə düşmənçilik etmirəm və müharibəyə qalxmamışam. Bu işi tərk etdiyimə görə səninlə və şeytanın dostları olan sənin zalım və xilafkar tərəfdarlarınla müxalifətə girişməmişəm. Allahdan qorxuram. Məgər Hücr ibn Üdəyy və onun səhabələrinin qatili sən deyilsənmi? O abid adamları, insanları xeyirxah işlər görməyə və pis əməllərdən qorumağa çalışan adamları sən öldürmədinmi? Halbuki onlarla müqavilə, əhd-peyman bağlamışdıq. Amma düşmənçilik və zalımlıqla onları öldürdün. Allaha cürət edib onun əhd-peymanını yüngül hesab etdin. Məgər Allaha ibadətdən cismi qurumuş və dərisi soyulmuş o əzəmətli kişinin - Əmr ibn Həməqin qatili sən deyildinmi? Halbuki onunla elə əhd-peyman bağlamışdın ki, əgər belə möhkəm əhd-peyman ceyranlarla bağlansaydı dağlardan enərdilər. Məgər sən deyilmisən ki, islam əhdində Ziyadı özünə aid edərək onu Əbu Süfyanın oğlu etdin? Halbuki Rəsulullah(s) hökm etmişdir ki, «Övlad yataqda olanındır, zinakara isə daşdan başqa bir şey düşmür». Sonra da müsəlmanları öldürmək, onların əl-ayağını kəsmək və onları xurma ağacının budaqlarından asmaq üçün onu onların üstünə saldın. Şübhanəllah! Müaviyə, sanki sən bu ümmətdən deyilsən və bu ümmət səndən deyildir!


 


Məgər sən Həzrəminin qatili deyilsənmi? Ziyad onun barəsində sənə yazmışdı ki, o, Əlinin dinindədir. Əlinin dini elə həmin əmisi oğlu Məhəmmədin(s) dinidir ki, sən indi onun kreslosunda oturmusan. Əgər bu din olmasaydı, indi sənin və atanın iftixar etməyi üçün iki səfərin əziyyəti var idi, qış və yay səfərləri ki, Allah-Təala bu dinin vasitəsilə sizə minnət qoyaraq o əziyyəti sizdən götürdü.


 


Yazdığın məktubda deyirsən ki, bu ümməti fitnəyə salma! Mən bu ümmət üçün sənin hakimiyyətindən böyük fitnə tanımıram. Yenə də deyirsən ki, özünün və Məhəmməd ümmətinin dininin qeydinə qal... Allaha and olsun, mən səninlə döyüşmək və cihad etməkdən böyük bir məsləhət tanımıram. Əgər buna əl atsam, Allaha yaxınlaşmağına səbəb olacaqdır, yox əgər əl atmasam, öz günahımın Allah dərgahında bağışlanmasını istəyir və ondan arzu edirəm ki, məni onun istədiyi və bəyəndiyi kimi əməl etməyə müvəffəq etsin.


 


Yenə də deyirsən: Mənimlə nə qədər düşmənçilik etsən, düşmənçilik edəcəyəm... Nə qədər bacarırsansa düşmənçilik et. Onsuz da yaxşılar və ləyaqətli adamlar həmişə sənin düşmənçiliyinə üzbəüz olmuşlar. Ümidvaram ki, özünlən başqa heç kəsə ziyan vurmayacaq, öz əməlinlə başqa heç bir əməli batil etməyəcəksən, nə qədər bacarırsansa düşmənçilik et.


 


Allahdan qorx, ay Müaviyə! Bil ki, Allahın bir kitabı vardır ki, orada böyüklü-kiçikli bütün işlər yazılmışdır. Və bil ki, Allah sənin bu işini unutmayacaq ki, günahsız adamlara böhtan atır və içki içib itlə oynayan oğlunu (Yezidi) hakimiyyətə gətirərsən!


 


 


Özünü bədbəxtliyə düçar etmiş, dinini əldən vermiş və rəiyyəti məhv etmisən. Vəssalam.


 


Ad
E-mail
*Mətn
Göndər